Uşağın şəxsiyyət və xarakteri ilk öncə ailədə, sonra məktəb və digər sosial qruplarda formalaşır. Təbii ki, 5-6 yaşa qədər əsas təməli ailədə qoyulur. Bu səbəbdən də uşağın inkişafı istər əqli, istərsə də şəxsiyyətinin formalaşmasında ailədə ata və ananın çox böyük rolu vardır. Ata və ananın uşağa qarşı olan davranış və münasibətləri uşağın formalaşmasına təsir edir, çünki uşaqlar valideynlərini təqlid edərək, model alaraq inkişaf edirlər.
Şəxsiyyət və mənlik arasında bir sıra fərqlər vardır. Belə ki, şəxsiyyət valideynlərin və digər şəxslərin uşağa qarşı münasibət və davranışlarına əsasən formalaşır və hər bir fərdə məxsus olan xarakterik xüsusiyyətlərdir. Mənlik isə özünü digər şəxslərdən ayırması, fərqləndirməsi, öz dəyərləndirməsi, qiymətləndirməsidir.
Uşağın şəxsiyyətinin formalaşmasında valideynin rolu olduğu kimi mənliyin formalaşmasında da rolu çoxdur. Uşaqlar ailədə önəmli gördüyü şəxsin davranışlarından təsirlənirlər, çünki önəmli şəxsin (ata və ya ana) davranışlarını təqlid edərək, öyrənirlər. Əgər həmin şəxsdən müsbət sözlər eşidərsə, həmçinin sevildiyini hiss edərsə, inkişafı müsbətyönümlü olar, özünü qiymətləndirməsi olumlu olar, öz bacarıqlarını tanıyar. Əksi olduqda isə özünə qarşı güvənsizlik duyğuları formalaşar.
Valideynlərin uşaqlara qarşı olan münasibətinin dörd forması mövcuddur. Bu münasibətə əsasən uşaqların mənliyi formalaşır. Dörd forma aşağıdakı kimidir:
1.Demokratik - bu tip münasibətdə valideynlər uşaqlara sevildiyini, dəyər verildiyini hiss etdirirlər, hər hansısa bir problem ilə qarşılaşan zaman onu danışaraq həll edirlər, uşaqlarını daim dəstəkləyirlər, bəzən istisnalar olsa da(bu uşağın xeyrinədir) istəklərini yerinə yetirilər. Uşaqlara məsuliyyətlərini öyrədirlər, Müəyyən qayda-qanunlar vardır ki, onlar məcbur riayət etdirilmir. Burada uşaq öz qərarlarını vermək iktidarında olur, özünü inkişaf etdirir və beləliklə müsbətyönümlü mənlik formalaşır.
2.Avtoritar - bu münasibət isə valideynlər uşaqları davamlı nəzarət altında saxlayırlar, konkret qayda-qanunları olur ki, onlara əməl etmələri üçün məcbur edirlər. Əgər bu qanunlara əməl etməzlərsə, cəza tətbiq edilir. Bu tip ailədə böyüyən uşaqlarda ünsiyyət problemi, natamamlıq kompleksi meydana çıxa bilər, həmçinin özlərinə qarşı dəyər və münasibətləri formalaşmaz, yəni mənfi mənlik formalaşar.
3.Həddindən artıq qoruyucu - bu tip ailədə böyüyən uşaqlar özgüvənləri olmur, emosional problemləri olan, daim kimdənsə asılı olan şəxsiyyətlər formalaşır. Valideynlər həddindən artıq qoruyucu olduqları üçün uşağın qərar verməsinə, hər hansısa bir işini özləri görməsinə şərait yaratmadıqları üçün özləri görürlər.
4.Vecsiz - uşaqların maddi və mənəvi ehtiyaclarına qarşı məsuliyyətsiz olurlar. Uşaqlar öz başlarına böyüyürlər. Sevgidən məhrumdurlar. Valideynlərin uşaqlarla münasibəti, bağlılıqları olmur, özünəqapanıq, davakar, güvənsiz və mənfi mənlik formalaşar. özünəqapanıq, davakar, güvənsiz və mənfiyönümlü mənlik formalaşar.