Məktəbin ilk günü məktəbin həyətində bəzi uşaqların çox rahat olduğunu, bəzilərinin isə ağladığını, qorxduğunu müşahidə edə bilərik. Bəzi uşaqlarda məktəblərin açılmasından müəyyən müddət keçməsinə baxmayaraq hələ də məktəbə getmək istəmədiklərini, valideynlərindən (xüsusilə də analarından) ayrılmaqda çətinlik çəkdiklərini görə bilirik. Məktəb başlayandan sonrakı ilk ayda bir çox uşaqda bu əlamətlər müşahidə edilir. Ancaq bəzi uşaqlarda bu proses uzun müddət davam edir və bir sıra problemlərə səbəb ola bilər. Biz buna “adaptasiya problemi” deyirik. Ümumiyyətlə, hər uşağın adaptasiya müddəti fərqlidir, bu fərqlilik uşağın temperament tipindən, motivasiyasından, gözləntilərindən və digər faktorlardan asılıdır. Həmçinin adaptasiya valideynlərin uşaqlara olan münasibətindən də asılıdır. Əgər valideyn övladının bütün ehtiyaclarını özü qarşılayırsa, həddən artıq qoruyucu və narahatdırsa, uşaqların məktəbə uyğunlaşmasını çətinləşdirir.
• Məktəbə adaptasiya olmaqda problem yarada biləcək bir sıra halları ümumiləşdirək: Hansı uşaqlar adaptasiya prosesində bir sıra çətinliklərlə rastlaşırlar ona nəzər salaq.
*Özünə inamı aşağı olan uşaqlar
*Valideynlərdən hədsiz asılı olan uşaqlar
*İnkişafı yaşıdlarına nisbətən daha yavaş olan uşaqlar
*Diqqət problem olan uşaqlar
*Eqosentrik olan və ya qaydalara əməl edə bilməyən uşaqlar
*Anlayışlar və rəqəmlər, rənglər, formalar və s. kimi əsas akademik bacarıqlara yiyələnməkdə çətinlik çəkən uşaqlar
*Hiperaktiv uşaqlar
Yuxarı siniflər qeyd etdiyimiz hallara görə bir sıra problemlər yaşadıqları kimi birinci siniflərin də bu kimi problemlərlə üzləşməsi normladır, xüsusən də ilk gün qorxması normal haldır, çünki bu daha əvvəl belə bir şey yaşamadığı, bu vəziyyəti bilmədiyi üçündür. Bunun üçün bir neçə nüansa diqqət etmək sizin və övladınız üçün faydalı olacaqdır.
- Uşaqla məktəbi birlikdə gəzmək, müəllimi ilə tanış etmək və ya əvvəlcədən internetdə məktəb şəkillərinə baxmaq övladınıza müsbət təsir edəcək.
- Övladınızla söhbət edin, məktəbə başlamaq mövzusunda nə düşündüyünü,necə hiss etdiyini danışdırmağa çalışın, özünü ifadə etməsi üçün şərait yaradın.
- "Ağlaya-ağlaya öyrəşər" kimi yanaşma düzgün deyil! Övladınızın bu müddətdə yaşadığı duyğuları görməzdən gəlməyin. Uşaqlar ağlaya-ağlaya deyil, güvənərək öyrəşərlər. Bu səbəbdən usağı yavaş-yavaş məktəbə alışdırmaq lazımdır. Uşağı məktəbdə tək qoymaq, anadan ayırmaq, uşağı buna məcbur etmək düzgün üsul deyil. Məsələn, ananın müəyyən müddət ərzində uşaqla sinifdə qalmasına icazə vermək və sonra yavaş-yavaş ananı uzaqlaşdırmaq uşağın narahatlığını azaldacaq.
- "Qorxulu nə varki?" ,"heç gör sinif yoldaşın ağlayırmı","sən artıq böyümüsən " kimi tənqidi cümlələr adaptasiyanı daha da çətinləşdirir !
- "Məktəbdə neynədin?"," Əl qaldırdınmı?", "Qiymət aldınmı?" tipli suallar duyğu paylaşımına aid suallar deyil. Bu tipli suallar vəzinə bugün "məktəbdə özünü necə hiss etdin?", " sənə ən maraqlı gələn nə oldu?","narahat olduğun birşey oldumu?" kimi suallar soruşula bilər.
- Məktəbdən sonra uşağınızın sizinlə nə paylaşdığını maraq və diqqətlə dinləyin. Bu prosesdə siz uşağınızın narahatlığı və qorxusu haqqında daha çox öyrənə və ona kömək edə bilərsiniz.