Günümüzün ən böyük problemlərindən biri övladlarımızın ixtisas seçimində doğru qərar verməməsidir. Düşünürəm ki, bu yanlış qərarda valideynlərin də payı az deyil.
Fikirləşin, övladımız 1-ci sinfə ilk addımlarını atdığında “o gün olsun universitetə qəbul olsun”, ”xaricdə təhsil alsın”, ”filan vəzifə sahibi olsun” deyə xeyir-dua verməyə başlayırıq, çünki hər bir valideyn istəyir ki, övladı vəzifə sahibi olsun, maddi vəziyyəti kifayət qədər çox olsun. Ancaq gözdən qaçırdığımız bir məqam var, bəlkə də, görmək istəmədiyimiz məqam. Övladlarımızın istəklərinə çox da önəm vermirik. Onları hər zaman uşaq kimi görür, uşaq kimi davranır, uşaq olduqları üçün dedikləri məlumatlara da önəm vermirik.
Bu yanaşmamız onların həyatlarının hər pilləsində demək olar ki, özünü göstərir. İstər məktəb seçimində, istər həyətdə dostluq etdikləri insanların seçimində, universitet-ixtisas seçimində, hətta gələcəkdə həyat yoldaşlarının seçimində belə müdaxiləmiz istədiyimiz nəticə ilə yekunlaşır. Onu da qeyd edim ki, bütün bu yanlış yanaşmalar övladlarımızın həyatında travma kimi qalır və istər-istəməz onun həyatına yansıyır.
Ancaq bu mövzuya bir də fərqli bucaqdan baxsaq, fərqli nəticələr əldə edəcəyimizi görə bilərik. Düşünün ki, övladımızın məktəbə ilk addımlarında gələcək həyatın ağırlığını (xeyir-dua) vermək əvəzinə, onun yanında olduğumuzu, ona dəstək olduğumuzu hiss etdiririk. Daha sonra onun bilik, bacarıq və istəyinə uyğun olaraq yönləndirmə edir, sosial fəaliyyətlərdə və ya müxtəlif proqramlarda özünü kəşf etməsinə yardımcı oluruq. Nəzərə alsaq ki, günümüzün gəncləri artıq kiçik yaşdan internetə, texnologiyaya maraqlı olurlar, bu o deməkdir ki, onlar artıq ixtisas qruplarını, təhsil alacaqları universitetləri belə araşdırıb, seçə bilərlər. Onu da qeyd edim ki, ixtisas seçimində doğru qərarın verilməməsi gələcəkdə iş həyatına, əmək bazarında uyğun iş tapmamasına və bir başa şəxsi həyatına təsir edən ən böyük amildir.
Düşünürəm ki, hazırda yuxarıda qeyd etdiyim imkanları bir çox liseylər, gimnaziyalar, özəl məktəblər daha yaxşı şəkildə bu xidməti təklif edə və həyata keçirə bilir.